NƏBATAT TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

ABCÇDEƏFGHX İ J - K Q

LMNOÖPRSŞTUÜ VY - Z

Tac- ləçəklərdən ibarət olan çiçəkyanlığı hissəsi.

Tac borucuğu - qovuşuqləçəkli çiçəkli bitkilərin boruya bitişən çiçək tacının alt hissələri.

Tac büküyü - bitişikləçəkli tacın dişcik və ya hissələri, eyni zamanda bölünmüş ləçəkli tacın yarpaqlarının enli hissəsi.

Tacvarı çiçəkyanlığı - demək olar ki, bir tacdan ibarət olan rəngli çiçəkyanlığı.

Tacvarı kasacıq - xarici görünüşünə görə tacı xatırladan al boyanmış kasacıq.

Taxtaşəkilli kök - bəzi tropik ağac bitkilərinin ağac üçün dayaq rolunu oynayan və yastılanmış şaquli formalı gövdənin əsasından aralanan əlavə kökləri.

Taksasiya - qrupların məhsuldarlığının və ya bitkinin məhsul ehtiyatının təyini.

Taksin (lat. «taksus»-qaraçöhrə) - Taxus baccata L.-in cavan zoğlarında və yarpaqlarındakı alkaloid.

Taksislər (yun. «taksis» - cərgə ilə yerləşmə) - xarici qıcıqlara qarşı canlı orqanizmin birtərəfli istiqamətlənmiş cavab reaksiyası.

Takson (yun. «taksis» - cərgə ilə yerləşmə) - xüsusiləşmiş (ayrılmış) canlılar qrupu.

Taksonomik kateqoriya - İyerarx taksonların səviyyəsindən biri (yarımnöv, növ, cins və s.).

Taksonomik vahidlər - sistematikada hər hansı bir sistemin ibtidaidən başlayaraq ali yarımbölmələrədək təsnifat vahidi.

Taksonomiya (yun. «taksis» - cərgə ilə yerləşmə, «xomos» - qanun) - biologiyanın bölməsi; orqanizmin ierarxik təsnifatının nəzəri prinsiplərini, metodlarını öyrənir (tip, sinif, dəstə, cins, növ, yarımnöv).

Tala - eninin orta ədədi onu əhatə edən ağacların hündürlüyünün çox olan meşənin ortasındakı açıq sahə.

Tallofitlər (tallomdan + yun. «phyton» - bitki) - tallom və ya kök-yarpağına bənzər cismi gövdəyə, kökə və yarpaqlara bölünməyən bitkilər.

Tallom (yun. «tallos» - budaq, tumurcuq, yaşıl zoğ) - gövdə və yarpaqlara diferensiasiya etməmiş bitkilərin (yosunlar, göbələklər, miksomisetlər, şibyələr, bəzi mamırlar) cismi.

Tallomlu bitkilər - bax: tallofitlər.

Tallospor - mitseli və ya tallomda əmələ gələn spor.

Tam areal - hər hansı növün areal hissəsi çərçivəsində kütləvi bitməsi.

Tam çiçək- bütün hissələri: kasacığı, tacı, androseyi, gineseyi olan çiçək

Tam yarpaq - yarpaq ayası, saplaq və yalançı zoğdan ibarət olan yarpaq.

Tamamlayıcı fitosenoz - hər hansı bir ərazinin iqlim şəraitinə daha çox uyğunlaşan qruplar.

Tamkənarlı yarpaq - düzxətli və ya tədricən əyri şəkilli, tamkənarlı sadə yarpaq.

Tam yetişmə - yetişmə zamanı çoxlu miqdarda su itirməsi nəticəsində tamamilə sərt vəziyyətə düşən toxumun halı.

Tannin - fenol törəmələrinin heterogen qrupu.

Tapetum (yun. «tapes» - xalça) - örtülütoxumlu bitkilərin tozcuq divarları hüceyrələrinin daxili döşəyici qatı.

Tapılma yeri - müəyyən bitkinin müşahidə edildiyi və ya toplandığı coğrafi məkan.

Taraz məhlullar - ayrı-ayrı komponentləri bitkilərə mənfi təsir etməyən bir neçə duzun məhlulu.

Tarixi coğrafiya - yer kürəsinin keçən əsrlərinin flora və bitkiliyinin inkişafını və yayılmasını öyrənən elmi təlim.

Tavtonim - cinsi eyni ilə təkrar edən növ epiteti.

Tayqa - iynəyarpaqlı növlərdən ibarət mülayim en dairəsi meşələri.

Texniki bitkilər - bir neçə qrupa bölünür: nişastalı, şəkərli, yağlı, efir yağlı və lifli texniki bitkilər.

Tein (kit. «te» - çay) - bax: kofein.

Tektotip - mikroskopik tədqiqatlar üçün götürülmüş tipin fraqmenti.

Teleytosorus (teleytospordan + yun. «soros» - topa) - teleytosporun inkişaf etmiş qrupu.

Teleytosporlar (yun. «teleute» - sonu + spor) - pas göbələklərinin qış sporu; vegetasiya dövrünün sonunda əmələ gəlir və adətən yalnız gələn yazda cücərir; diploidli nüvənin iki hüceyrəsindən ibarətdir.

Telofaza (yun. «telos» - son, «fazis» - üzə çıxan) - mitozun və meyozun mərhələlərindən biri olub, yenicə yaranmış xromosomlar hüceyrənin qütblərinə çatırlar.

Telom (yun. «telos» - son) - psilofitlərin qədim ali bitkilərinin ilk yerüstü orqanı.

Teobromin (lat. «teobroma kakao» - şokolad ağacı) - Cola acuminata Schott. et Erdl. fındığında, Theobrana cacao L. paxlalarında olan alkaloid.

Teratologiya (yun. «teratos» - möcüzə, «logos» - elm) - orqanizmin vəziyyətinin xarici və daxili, qarşılıqlı yerləşməsini, ölçüsünü, miqdarnı göstərən, irsi və qeyri-irsi eybəcərliyi, anomaliyaları və qüsurları öyrənən elm.

Terminal orqanlar (lat. «terminalis» - ucda yerləşən) - üst orqanlar (məs.: üst tumurcuqlar, çiçəklər və s.).

Terminal parenxima - oduncağın illik inkişaf qatının bir və ya bir neçə hüceyrə qatında əhəmiyyətli bölmələr şəklində yerləşən və yayın sonunda əmələ gələn oduncaq parenximi.

Terminal tumurcuq - əsas oxun davamı kimi yeni zoğa başlanğıc verən və zoğun üstündə əmələ gələn tumurcuq.

Termofil - 450 C-dən yuxarı temperaturda yaşayan orqanizmlər (əksər orqanizmlər üçün məhvolma temperaturu).

Termofil bitkilər - torpağın qızmış qatlarında yüksək temperatur şəraitində, isti su mənbələrində yaşayan bitkilər (məs.: bəzi göy-yaşıl yosunlar, bakteriyalar, göbələklər).

Termofitlər - istilik sevən bitkilər.

Termogen bakteriyalar - inkişafı və həyat fəaliyyəti prosesində özündən ətraf mühitə yüksək istilik (+70-80C-dək) ayıran bakteriyalar.

Termokleystoqamiya - əlverişsiz temperatur şəraitində açılmayan çiçəklərin öz-özünə tozlanması.

Termonastik hərəkət - temperaturun dəyişməsi nəticəsində baş verən hərəkət (səhər və axşam çiçək və s. açılıb-bağlanması).

Termonastilər (yun. «termos» - isti + nastilər) - temperaturun dəyişilməsinə uyğunlaşan bitkilərin bəzi hissələrinin və orqanlarının hərəkəti.

Termoperiodizm - enən və qalxan temperaturun dövrü dəyişilməsinə bitkilərin ardıcıl reaksiyası.

Termotaksis (yun. «termos» - isti + taksis) fəzada termik qıcıqlanmaya istiqamətlənmiş sərbəst hərəkət.

Termotropizm - bitkilərin istilik şüasının birtərəfli təsiri istiqamətinə tərəf əyilməsi.

Terofitlər (yun. «ter» - yay, «phyton» - bitki) - ilin əlverişsiz vaxtını toxum halında keçirən ali bitkilərin bioloji tipi.

Terpenlər - bitkilərin efir yağlarının əsas tərkib hissəsi olan doymamış karbohidrogenlər-bitki mənşəli üzvü birləşmələr.

Terpentin - iynəyarpaqlı bitkilərin qətranlı ifrazatı; kanifolun əsas kütləsini təşkil edən uducu skipidar və qətran turşusundan ibarətdir.

Tesi (yun. «teke» - qutu) - bax: himenial qat.

Tetrada (yun. «tetra» - dörd): 1) meyozun birinci bölünməsi zamanı cütləşdirilmiş homoloji xromosomun dörd xromatidi; 2) meyoz nəticəsində əmələ gələn haploid xromosom saylı dörd hüceyrə.

Tetrakokklar (yun. «tetra» - dörd + kokklar) - dördlük (qarşılıqlı perpendikulyar səthində bakteriyanın iki bölünməsi nəticəsində) kimi birləşən şarşəkilli bakteriyalar.

Tetrakotil - bəzi bitkilərin rüşeymində dörd ləpə yarpağının mövcudluğu.

Tetraploid (yun. «tetra» - dörd, «eydos» - növ) - hüceyrələri 4 genoma malik orqanizm.

Tetraploid hüceyrələr - xromosomların sayı haploiddən dörd dəfə çox olan hüceyrələr.

Tetrasporangi- (tetraspordan + yun. «angeyon» - boru) - reduksion bölünmədən sonra sporangidə inkişaf edən dörd spor; bir sıra qırmızı və bəzi qonur yosunlarda rast gəlinir.

Tetrasporlar (yun. «tetra» - dörd + spor) - bazidiomisetlərin dördsporlu bazidilərinin dörd sporundan biri.

Təbiət - geniş mənada mövcudat, forma müxtəlifliyi olan bütün aləm.

Təbiətşünaslıq - canlı və cansız təbiət haqqında elmlər sistemi, elmi biliyin üç (texniki və ictimai elmlərlə yanaşı) əsas sahəsindən biri.

Təbii fitosenoz - yalnız təbii amillərin təsiri altında formalaşmış bitki qrupları.

Təbii qruplaşmalar - insanın təsiri olmadan əmələ gələn və inkişaf edən qruplaşma.

Təbii sistem - təbii struktur və törəmələrdən ibarət sistem (məs.: populyasiya, biogeosenoz, biom, biosfer).

Təbii seçmə - canlılar aləmində təkamül prosesinin əsas amillərindən biri.

Təbii tozlanma - insanın iştirakı olmadan baş verən tozlanma (küləyin, quşların, həşəratların köməyilə).

Təbii təsnifat - təkamül prosesində formaların tarixi inkişafını əks etdirən təsnifat.

Təbiətin mühafizəsi - ətraf mühitin mühafizəsi, saxlanması və səmərəli istifadəsi haqqında təlim.

Təcrübə meydançaları üsulu - tədqiq olunan fitosenozun ölçüsü aşkar edilən sahəyə uyğun olan bir və ya bir neçə düzəldilmiş (təsadüf və ya müəyyən sistem ilə) meydançaların köməyilə fitosenozun tədqiqi.

Təkamül - canlı aləmin tarixən dəyişilməsinin geridönməz prosesi.

Təkrar dincəlmə - əlverişsiz şəraitin (yüksək temperatur, su və ya oksigenin çatışmaması və s.) təsiri nəticəsində başlanmış dinclik.

Təkrar etsidilər - inkişaf tsikli piknidi, etsidi və teliosporkimilərinin mərhələsinədək ixtisar edilən, birsahibli paslı göbələklərinin bəzi növlərində təkrar inkişaf edən etsidilər.

Tənəffüs - üzvü maddələrin daha sadə birləşmələrə qədər oksidləşməsinə səbəb olan reaksiyaların məcmusu.

Tənəffüs boşluğu - hüceyrəaraları vasitəsilə yarpağın daxili toxumasının hüceyrə səthi ilə əlaqə yaradan ağızcığın qapanan hüceyrələrinin altında yerləşən sərbəst hüceyrəarası boşluq.

Tənəffüs əmsalı - udulan oksigen həcminin ifraz edilən karbon qazı həcminə nisbəti.

Tənəffüs kökü - əsasən manqra florasının bəzi bataqlıq bitkilərində torpağın səthində inkişaf edən köklər.

Tənəffüs piqmentləri - tənəffüs xromogenlərinin oksidləşmə maddələri; bitkilərin tənəffüsü zamanı hidrogen daşıyıcısı hesab olunurlar.

Təpə sütuncuğu – yumurtalığın təpəsində yerləşən sütuncuq.

Tərəvəz bitkiləri – yabanı və becərilən bir-iki- və çoxillik ot bitkiləri.

Tərəvəzçilik – tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi.

Tərk olma (məhv olma) – insanların qərəzsiz təsiri və ya təkamül prosesi nəticəsində növ və ondan daha yüksək taksonun məhv olması.

Tərs yumurtavarı yarpaq – dar hissəsi ilə saplağa birləşmiş yumurtavarı yarpaq.

Təsadüfi növlər – təsadüfən assosiasiyaya düşən, ona yad olan növlər.

Təsnifat – əsasında orqanizmin qrupları arasında filogenetik münasibətlər duran bitki aləminin sistemləşdirilməsi.

Təsviri botanika – bitkilərdə müşahidə edilən halların, proseslərin və müxtəlif formaların təsvirinə əsaslanan botanikanın bölməsi.

Təyinetmə – bitkinin adının və sistematik vəziyyətinin müəyyən edilməsi məqsədilə onun əlamətlərinin öyrənilməsi.

Tifofitlər (yun. «tiphos» - bataqlıq) - bataqlıq və göllər üçün xarakterik bitkilər.

Tikan - müxtəlif orqanların (zoğ, yarpaq, əlavə köklər) metamorfozunun nəticələri olan möhkəm oduncaqlı iti uclu törəmələr.

Tikiş (rafa) - 1) örtülütoxumluların yumurtalığında meyvə-yarpaqlarının birləşdiyi yer; 2) bəzi diatom yosunların qınının bir ucundan digər ucuna qədər lay uzunu keçən dar dəlik və ya kanal.

Tiqmotropizm (yun. «tiqma» - toxunma + tropizm) bax: haptotropizm.

Ting (əkin materialı) - ağac və ya meyvə tingliklərində toxum və ya qələmlə becərilən cavan oduncaqlı bitkilər.

Tinglik (şitillik) - bitkilərin becərildiyi yer.

Tip (yun. «tipos» - iz) - botanika və zoologiyada ali təsnifat vahidi olub, mənşəcə qohum olan sinifləri özündə birləşdirir.

Tipologiya - əlamətlərin ümumiləşdirilməsi əsasında obyektlərin sistemləşdirilməsi.

Tiryək - Papaver cinsi növlərinin yaşıl qutucuqlarının kəsiyindən alınan, havada qatılaşan süd şirəsi.

Titrək plazmoliz - sitoplazmanın son dərəcə yüksək qatılığını bildirən plazmoliz olunmuş protoplastdan hüceyrə qabığına qədər gedən, çoxsaylı nazik sitoplazmatik qoşqu ipləri ilə xarakterizə edilən plazmoliz.

Toxmacar - mədəni və ya yabanı bitkilərin toxumlarından becərilmiş cavan bitkilər.

Toxum - Mayalanma nəticəsində ziqotdan əmələ gələn rüşeymin inkişafı ilə əlaqədar şəkildə yayılmış yumurtacıqdır.

Toxum başlanğıcı - 1) bax: diaspora; 2) orqan və ya onun hissələrinin inkişafına başlanğıc verən hüceyrələrin ilkin strukturu və ya qrupu.

Toxum əlavəsi - tozcuq yolu yaxınlığında yerləşən toxum əlavəsi.

Toxum qabıqcığı - toxumun daxili zərif hissələrini xarici mühitin əlverişsiz təsirindən qoruyan möhkəm qabıq.

Toxum şırımı - anatrop yumurtacığın ayaqcıqlarının örtüyə bitişməsi nəticəsində əmələ gələn çıxıntı.

Toxum zülalı - bax: endosperm.

Toxumca - toxumla bitişməyən, quru, nisbətən qabıqlı meyvəyanlığı olan birtoxumlu açılmayan meyvə.

Toxumçuluq - bitkiçilik sahəsi; sortdəyişmə və sort təzələnmənin həyata keçirilməsi üçün rayonlaşdırılmış sortların toxumlarının kütləvi surətdə çoxaldılması ilə məşğul olan elm sahəsi. Toxumçuluq bilavasitə seleksiya ilə əlaqədar olub, onun nəzəri əsasıdır.

Toxumdan - örtülütoxumlu bitkilərin toxumunda toxum rüşeyminin əmələ gəldiyi yer.

Toxumların biontizasiyası (səpinqabağı işlənməsi) - bitkilərdə gələcəkdə boy və inkişafı, cücərmə enerjisini, fermentlərin aktivliyini, maddələr mübadiləsini, toxum hüceyrələrinin fəaliyyətini gücləndirən oyatma üsulu.

Toxumlu bitkilər - toxum əmələ gətirən ali bitkilər.

Toksinlər (yun. «toksikon» - zəhər) - fizioloji funksiyaları zəiflədən, insan və heyvanların xəstələnməsinə və ya ölümünə səbəb olan bakteriya, bitki, yaxud heyvan mənşəli zülal xassəli zəhərli maddələr.

Tomilyarlar - adətən çox tükcüklü və aromatik yarımkolluqlardan ibarət olan, Aralıq dənizinin yarpağını tökən və həmişəyaşıl sərtyarpaqlı cəngəllikləri.

Tonoplast (yun. «tonos» - gərginlik, «plastos» - yapışdırılmış, düzəldilmiş) – quruluşca endoplazmatik şəbəkənin membranlarının və plazmalemmanın quruluşuna oxşar və hüceyrənin vakuolunu əhatə edən membran.

Topa - ikinci düzülüşlü yaxınlaşmış oxları olan pleyoxaziya tipli hamaşçiçəyi.

Topaarası kambi - parenxim hüceyrələrinin gövdələrində topaarası kambiyə yaxın olan sahələrdə əmələ gələn təkrar kambi.

Toplayıcı hüceyrələr - bəzi bitkilərin yarpaq lətində qıfvarı forması olan polisad parenxim hüceyrələrinin altında yerləşən xüsusi hüceyrələr.

Toplu yarpaq düzülüşü - hər düyündən üç və daha çox yarpaqla ayrılan yarpaq düzülüşü.

Topotip - bitki tipi yığılan yerdən yığılmış nümunə.

Tor (lat. «torus» - enliləşmiş, yataq) - çiçək oxu (onun qısaldılmış gövdə hissəsi), çiçək yatağı.

Tordamarlı yarpaq - damarların cəmi şəbəkə əmələ gətirən və yarpaq ayasının kənarına çatmayan, yan damarları çoxsaylı şaxələnən damarlanma.

Torf - yüksək rütubətlilik və oksigen çatışmamazlığı şəraitində bataqlıqlarda bitkilərin tam çürüməməsi nəticəsində əmələ gələn üzvü dağ süxuru.

Torf bataqlığı - torf əmələgətirici rütubətsevər bitkilərlə örtülü, 30 sm və daha artıq torf qatına malik olan bataqlıqlar.

Torpaq - yer kürəsinin quru hissəsində bitkilərin məhsuldarlığını təmin etmək qabiliyyətinə malik olan üst kövrək münbit qatı.

Torpaq quraqlığı - bitkinin inkişafının ləngiməsi və ya məhv olması; torpağın həddən artıq quruması.

Torpaq məhlulu - qazları, üzvü və mineral maddələri həll olunmuş vəziyyətdə saxlayan və torpaqda olan su.

Torpaq yosunları - torpağın üst və ya şum qatında (30 sm dərinliyə qədər) yaşayan yosunlar.

Torpaqsız kultura - torpaqdan istifadə edilmədən- çınqıllıqda, qumda, su və ya havada (hava kulturası) bitkilərin becərilmə üsulu.

Tozanaq formalar (yun. «lepros» - nahamar) - tozcuq ləkəli qeyri-adi formalı şibyələr; soridinin əlverişsiz şəraitinə düşməsi nəticəsində tipik kök-yarpaq deyil, soridi qrupları inkişaf edir.

Tozcuq – örtülütoxumluların mikrosporunun çiçək tozcuqlarında hüceyrələrin bölünməsi yolu ilə əmələ gələn erkək qametofit; bu zaman xromosomların sayının reduksiyası baş verir.

Tozcuq analizi - müxtəlif növ bitkilərin tozcuğunun geoloji qatlarda yaşının və mənşəyinin, tərkibinin və faizə gərə nisbətinin müəyyənləşdirilməsi.

Tozcuq borusu - erkək qametlərə dişi qametlərin birləşməsinə imkan yaradan, rüşeym kisəsinin toxum hüceyrəsinə keçərək tozcuq dənəciyindən çıxan boru.

Tozcuq kisəsi - tozcuq ilə tozluğun 4 kamerasından biri.

Tozcuq yolu - ali toxumlu bitkilərin tozlanması zamanı tozcuq borusundan toxum rüşeyminə keçən toxum rüşeyminin ucundakı dəlik.

Tozcuqlar qarışığı - bitkilərin müxtəlif növ və ya sortlarının çiçəklərindən yığılan tozcuq qarışığı.

Tozlanma - çiçəkli bitkilərdə tozcuq dənəsinin dişicik ağızcığına düşməsi. Tozcuğun hansı çiçəyə aid olmasından asılı olaraq öz-özünə və çarpaz tozlanma müəyyən edilir.

Tozluq - erkəkciyin tozcuğu saxlayan üst hissəsi.

Tozluq yuvası - tozcuğu inkişaf etmiş tozluq boşluğu.

Tökülən qabıq - fellogenin yeni qatlarının fəaliyyəti nəticəsində əmələ gələn ilk əmələ gəlmişlərdən dərində yerləşən tritik örtük toxuması.

Törədici toxuma - bax: meristema toxuması.

Törəmə tumurcuq - bəzi bitkilərin hamaşçiçəyində və ya yarpaq qoltuqlarında əmələ gələn tumurcuq.

Trabekula (lat. «trabekula» - kiçik tir): 1) aqarikal göbələklərində yarpaq ayasının mayası; 2) bəzi bitkilərin traxeidlərində rast gəlinən və traxeid boşluğunu keçən, hüceyrə qılafının çıxıntıları olan köndələn tir.

Transformasiya (lat. «transformatio» - dəyişmək) - bioloji sistemdə və ya onun ətraf mühitində gedən keyfiyyət dəyişkənliyi (yeni göstəricinin yaranması). Bitki qrupunun və ya torpağın antropogen dəyişməsi.

Transformizm - xarici mühitin dəyişilməsinin təsiri altında bir üzvü formadan digərlərinin inkişaf etməsini, yəni biologiyanın bir növün digərinə çevrilməsini sübut edən istiqaməti.

Transpirasiya (lat. «trans» - vasitə, «spiro» - nəfəs alıram) - bitkilərin yarpağından suyun buxarlanması, suyun gövdə ilə hərəkətinə və yarpaqların soyumasına xidmət edir.

Transpirasiya cərəyanı - kökdən zoğlara qədər suyun və onda həll olunmuş qida maddələrinin daşınması.

Transpiroqraf (transpirasiyadan + yun. «qrafo» - yazıram) Transpirasiyanın hərəkətini fasiləsiz hesablamaq üçün işlədilən cihaz.

Transplantasiya (lat. «transplantare» - köçürmək) - orqan və ya toxuma hissələrinin bir bitkidən digər bitkiyə köçürülməsi.

Traxeidlər (traxeyadan + yun. «eydos» - növ) - bitkilərdə su və suda həll olmuş maddələrin hərəkətinə xidmət edən və qismən mexaniki funksiyanı yerinə yetirən bitkilərin cansız, odunlaşmış və ucları itiləşmiş prozenxim hüceyrələri.

Traxeomikoz – oduncaq borucuqlarının zədələnməsi ilə xarakterizə edilən bitki xəstəliyi.

Traxeya (yun. «traxeya» - tənəffüs boğazı) - köndələn divacıqları perforizə olunmuş, yəni bir və ya bir neçə iki tərəfi açıq-dəliyi olan hüceyrə sırasının uzununa birləşməsi yolu ilə əmələ gələn sukeçirici borular.

Trama (lat. «trama» - toxuma) - bir çox bazidiyalı göbələklərin meyvə cismində cinsiyyətsiz hiflərin qatı.

Transduksiya - bir bakteriya hüceyrəsindən xromosom sahəsinin faqlar vasitəsilə digər bakteriya hüceyrəsinə köçürülməsi.

Travmotaksis - hüceyrənin zədələnməsinə cavab olaraq nüvə və digər orqanoidlərin hərəkəti.

Travmatotropizm (yun. «traumatos» - zədələnmə + tropizm) - bitkilərin zədələnməsi zamanı böyüyən orqan və hissələrinin istiqamətinin reaksiyası.

Trepel - diatom yosunların və radiolyar silisium oksidi skeletlərindən ibarət olan yığım.

Triba - bitki sistematikasında cins və yarımfəsilə arasında aralıq vəziyyət tutan taksonomik kateqoriya.

Triesiya (üçevlilik) (yun. «tris» - üç, «oykos» - ev) - bitkinin bir nümunəsində dişi çiçəkləri, digərində erkək çiçəkləri, üçüncüsündə isə ikicinsli çiçəklər olan üçevlilik.

Trixidi - bax: steriqma.

Trixitlər - inulin və kalsium oksalatın sferokristal qatlarından ibarət olan şüa şəklində yerləşmiş xırda, adi mikroskopda görünməyən iynəvari kristallar.

Trixoblast - 1) üzərində spermatangilər əmələ gələn bir cərgəli, şaxələnməmiş və ya şaxələnmiş, rəngsiz və ya zəif rəngli tellər; 2) kökün cavan hissələrinin anatomik və morfoloji cəhətdən differensiasiya edilmiş hüceyrələrin üst qatında əmələ gələn kök tükcükləri.

Trixofor - trixogina daşıyan arxikarpın dişi sahəsinin hüceyrəsi.

Trixogina (yun. «trixos» - tük, «gine» - dişi) - bir çox kisəli göbələklərin, qırmızı yosunların (karpoqon) və şibyələrin (arxikarp) dişi cinsi orqanlarının dar üst hissəsi.

Trixoma (yun. «trixoma»-tük): 1) Epiderma hüceyrələrinin xarici çıxıntıları. Onlar orqanın tükcüklərini təşkil edir; 2) bitkilərin epidermis hüceyrələrinin forma, quruluş və funksiyasına görə müxtəlif olan çıxıntıları.

Trixosit - çıxıntıyabənzər tükdaşıyıcı, bəzi qırmızı yosunların kök yarpağının xüsusi hüceyrələri.

Tripeptidlər (yun. «tris» - üç + peptidlər) - amin turşusunun üç qalığından ibarət olan peptidlər.

Triploid (yun. «tris» - üç, «eydos» - növ) - hüceyrələrində 3 genomu olan orqanizm.

Trisomiya - hüceyrədə normal homoloji xromosomlardan hər hansı birində bir cüt əvəzinə üç xromosomun olması.

Tristiliya - bitkinin dişiciyində üçtipli sütuncuğun mövcudluğu.

Trofofillər (yun. «trophe» - qida, «phyllon» - yarpaq) - bitkinin adi (assimilyar) yarpaqları.

Tropik meşələr - ekvatorial, subekvatorial və tropik qurşaqlarda yayılmış meşələr.

Tropik zona - 400 ş.e.d. və 400 c.e.d. arasında yerləşən Dünya okeanının 500-1000 m dərinliyində olan temperatur zonası.

Tropizm (yun. «tropos» - döngə) - xarici qıcığın birtərəfli təsirilə bitkilərdə, mikroorqanizmlərdə və ibtidai heyvanlarda böyümə və hərəkət istiqamətinin dəyişməsi.

Tuberidi (lat. «tuber» - qoza, yun. «eydos» - növ) - Orchidaceae fəsiləsinin bir çox nümayəndələrində əmələ gələn yerüstü kökyumruları.

Tuqay meşələri - Orta Asiya, Cənubi Qafqaz və Mərkəzi Asiyada çay sahilləri boyu bitən meşələr.

Tumurcuq - çox qısaldılmış düyünaraları olan rüşeym zoğu.

Tumurcuq düzülüşü - tumurcuqda yarpaqların və ya çiçək örtüklərinin bir-birinə qarşı yerləşməsi.

Tumurcuq səbəti - Marchantiales cinsinin ciyərotu mamırlarının kök-yarpaqlarının üst tərəfində olan xüsusi törəmədə inkişaf edən çıxıntılı tumurcuqlar.

Tumurcuqlanma - qeyri-cinsi çoxalmanın bir növü olub, valideyndə bitkidən kiçik bir hissə inkişaf edərək yetkin fərdə çevrilir.

Tumurcuqlayan konidilər - bir çox paslı göbələklərin bazidiosporlarının tumurcuqlanması zamanı ayrılan birhüceyrəli, birnüvəli törəmələr.

Tundra - Şimal yarımkürəsinin subarktik qurşağının şibyə, mamır, alçaqboylu ot, kol və kolcuqların üstünlük təşkil etdiyi bitkilik tipi.

Tunika (lat. «tunika» - qabıq) - bitkinin bir və ya bir neçə meristematik hüceyrələrinin xarici qatının bitmə konusu. Bölünmə əsasən səthə perpendikulyar baş verir və nəticədə tunika qatlarının sayı dəyişmədən artır.

Turan element florası - arealı əsasən Orta Asiya Turan düzənliyinin səhraları ilə bağlı olan növ qrupları.

Turionlar (lat. «turio» - zoğ) - Rosa cinsi növlərinin uzun kökümsovlarında əmələ gələn vegetativ zoğlar.

Turqor (lat. «turgere» - şişman olaraq) - protoplastın təzyiqindən hüceyrə qılafının gərgin vəziyyət alması.

Turqor hərəkət - turqorun dəyişilməsindən meydana çıxan hərəkət.

Turqor təzyiqi (lat. «turgor» - şişmə) - bitki hüceyrəsinin daxilində artan təzyiq.

Tükcüklər - forma, quruluş baxımından, həddən artıq müxtəlifliyinə, eyni zamanda orqanlarda yerləşmə xarakterinə görə fərqlənən epidermis hüceyrələrinin bir və ya çoxhüceyrəli çıxıntıları.

Tüklənmə - bir çox bitkilərin qabığında müxtəlif çıxıntıların-tükcüklərin mövcudluğu.

Tükvari dişicik ağzı – tükvari hissələrə bölünmüş dişicik ağzı.

Tükvari yarpaqlar – kənarları ilə boruya bitişən və yumşaq, dar və çox uzun yarpaq ayası olan yarpaqlar.

Tütəkvarı yarpaq – uzunu enindən daha artıq olan daxili boş, şirəli yarpaq (məs: Allium cinsi növləri).

 Dizayn Gülnarə Rəfiqindir.