NƏBATAT TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ

ABCÇDEƏFGHX İ J - K Q

LMNOÖPRSŞTUÜ VY - Z

Dağ bitkiliyi – dağ yamaclarını örtən bitkilər. Hakim bitki örtüyünün şaquli dəyişməsinin tezliyi ilə xarakterizə edilir. Bu dəyişiklik dağ ətəyindən onların zirvəsinə qədər iqlim şəraitinin dəyişilməsinin xarakteri ilə izah olunur. Bütövlüklə dağ bitkiliyi qurşaq xarakterlidir.

Dağlıq kserofitləri – əsasən kontinental iqlim zonasının quru daşlı dağ yamacları üçün səciyyəvi olan kserofil kolcuq və ya yarım kolcuqlar.

Daxili mikoriza (yun. «endon» – daxili, «trophe» - qidalanma) - simbiont bitkilərin köklərinin daxilinə keçən mitselinin mikoriza tipləri.

Daxili parazitlər – ayrı – ayrı orqanlarda və digər orqanizmlərin toxumalarında parazitlik edən orqanizmlər, o cümlədən göbələklər.

Daxili saprofitlik – daxili saprotrofizm olub, şibyələrdə özünü əks etdirir. Spesefik fermentlər ifraz edən göbələk tallomda yosunları öz qidalanması üçün istifadə edir.

Damar – 1) bəzi şibyələrin alt səthinin kök-yarpaqlarında qabarmış hif toxumaları; 2) ali bitkilərin yarpaqlarında onların toxumalarını yarpaq ayasında əhatə edən keçirici topa. Əsasən yarpaq ayasının üst səthində xarakterik şəkil əmələ gətirir.

Damarlanma – yarpaq ayasında keçirici topaları olan damar sistemi. Öz xüsusiyyətlərinə görə yarpaqlarda damarlanma lələkvari, əlvarı, torşəkilli, qarmaqvarı və paralel olur.

Dartıcı köklər – güclü uzununa yığılma qabiliyyətli yan və ya əlavə köklər olub, onlar vasitəsilə çoxillik zoğlar torpağa dartılır.

Daş hüceyrələri (sklereidlər) – budaqlanmış və ya uzadılmış formalı, güclü oduncaqlaşmış qabıqlı, qalın divarlı hüceyrələr. Armud, heyva meyvələrinin lətlərinin möhkəm konkresiyaları, möhkəm qabıqlı meyvələrin daş hüceyrələri sklereidlərə nümunə ola bilər.

Daşınan nişasta (lat. «trazitus» – keçmə) - sulu karbonların ehtiyyat orqanları və toxumalara nəqli istiqamətində zoğun nişastadaşıyan qınının leykoplastlarında müvəqqəti olaraq əmələ gələn dənəvər nişasta.

Daş toxuma – braxisklereiddən olan toxuma.

Davamlılıq (dözümlülük) – bitkiəlrin mühitin ekstremal amillərinin (torpaq və hava quraqlığı, torpağın duzluluğu, aşağı temperatur və s.) təsirinə qarşı davamlılıq qabiliyyəti.

Dayaq kök – bitkilərin əlavə dayağına xidmət edən və gövdələrdə əmələ gələn əlavə köklər (məs.: Zeamays L.).

Defolyantlar – bitkilərin yığım qabağı yarpaqlarının tökülməsi üçün istifadə olunun maddələr. Məs.: maqnezium xlor, ammonium sulfat, endotal və s.

Defoliasiya («de» - inkar və lat. «folium» – yarpaq) - yarpaqsızlaşdırmaq, maşınla məhsul yığımını asanlaşdırmaq üçün bitki yarpaqlarının yığımdan qabaq tökdürülməsi.

Degenerasiya (lat. «degenerar» – çevrilmək) – 1) morfologiyada- hüceyrələrin və ya orqanın dağılması (çömçəquyruq qurbağaya çevrilərkən onun quyruğunun itməsi); 2. mikrobiologiyada- əlverişsiz şəraitdə yetişdirilən birhüceyrəli bitkilərin həyat fəaliyyətinin aşağı düşməsi.

Dehidrogenazlar – oksidləşmə – reduksiya reaksiyalarını katalizə edən hidrogen atomunu üzvü maddədən ayıran və onu oksigen və ya başqa maddələrə-hidrogen akseptorlarına ötürən fermentlər qrupu. Dehidrogenazları bəzən dehidraza adlandırırlar.

Dekapitasiya (lat. «de» - inkar, «kapitis» - baş) - budağın boy nöqtəsinin vurulması.

Dekstrinlər (lat. «dekster» – sağ) - nişasta və qlikogenin fermentativ hidrolizinin aralıq məhsulu; suda həll olunan amorf polisaxaridlər. Polyarizasiya səthini sağ tərəfə hərəkət etdirir.

Dekstroza – aldehid qrupuna malik heksozlar qrupundan ibarət geniş yayılmış monosaxarid, üzüm şəkəri, sadə karbohidrat; polyarizasiya səthinin sağa hərəkəti nəticəsində onun başqa adı – dekstroza əmələ gəlmişdir. Bütün yaşıl bitkilərdə sərbəst halda yerləşirlər, hüceyrənin, nişastanın, dekstrinin, maltozanın, saxarozanın və başqa mürəkkəb karbohidratların tərkibində rast gəlinir. Enerjinin ən vacib mənbəyi hesab olunur.

Deqradasiya – deqradasiya geniş mənada insanların təsərrüfat fəaliyyətinin və ətraf mühitin mənfi təsiri nəticəsində bitki örtüyünün, otlaqların vəziyyətinin pisləşməsi, meşələrin kolluqlara çevrilməsi, torpağın strukturunun pozulması, humus və dəyişən kationların azalması nəticəsində münbitliyinin zəifləməsi prosesidir.

Deltavari yarpaq – yarpaq ayası üçbucaq formada olan yarpaq (məs.: Populus nigra L.).

Dendrari (yun. «dendron» – ağac) - açıq qruntda becərilən canlı ağac, kol və lian kolleksiyalarından ibarət ərazi.

Dendroqrafiya (yun. «dendron» – ağac, «qrapho» - yazıram) - ağac və kolların təsvirinə həsr olunmuş botanika bölməsi.

Dendroqraf (yun. «dendron» - ağac, «grapho» - yazıram) – havanın temperaturunun və rütubətliyinin dəyişilməsindən asılı olaraq ağacın gövdəsinin eninə böyüməsinin ölçülərini qeyd edən cihaz.

Dendrologiya (yun. «dendron» – ağac və «logos» - öyrənmək) - ağac və kol bitkilərinin morfologiyasını, sistematikasını, ekologiyasını və coğrafi yayılmasını öyrənən botanikanın bir bölməsi.

Denitrifikasiya (lat. «de»– hərəkətin başa çatması + nitrifikasiya) – azotun oksidli birləşmələrinin (nitratlar, nitritlər) qazabənzər azotlu maddələrə qədər mikrobioloji yolla bərpa olunmasıdır. Denitrifikasiya torpaqda azot birləşmələrinin azalmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.

Deplazmoliz (lat. «de» – itirmək + plazmoliz) - plazmoliz olmuş hüceyrələrin su soran zaman yenidən turqor vəziyyətinə qayıtmasıdır. Bu hadisə plazmoliz olunmuş, hüceyrələri su və ya zəif məhlula saldıqda müşahidə olunur.

Depressiya (lat. «depressio» – enmə) - bir və ya bir qrup növün fərdlərinin sayının insanın fəaliyyəti ilə əlaqədar olmadan populyasiya, biosenoloji və ya abiotik səbəblər nəticəsində azalması.

Derma – əsil perididən fərqlənən və Allotelium cinsinin pas göbələklərinin telisini əhatə edən çoxqatlı quruluş.

Dermatofit – dermatomikoz – dəridə xəstəlik əmələ gətirən, insan və heyvanların keratinləşmiş toxumalarında (tük örtüyü, dırnaq, dəri, buynuz və s. ) parazitlik edən Moniliales (Hyphomycetales) sırasından olan göbələklər.

Dermatogen (yun. «derma» – dəri, «genos» - yaranma). 1) antiklinal bölünmə nəticəsində kök üsküyü və epiblemdən əmələ gələn kök ucunun meristem hüceyrələrinin xarici qatı; 2) histogenlər nəzəriyyəsinə görə – ilk örtük toxumasından – epidermesdən əmələ gələn, konus hüceyrələrinin artmasının səthi xarici qatı.

Dermatomikozlar – insan və heyvanların dəri örtüyündə parazitlik edən dermatofit göbələklər tərəfindən yaranmış xəstəlik

Dermatoplast – hüceyrə qabığı olan protoplast.

Dermogen (prokambiy) (yun. «desmos» – bənd, kanat, «genos» - yaranma) - bitki orqanlarının cavan hissəsinin törədici toxumasından differensiasiya olunmuş ilk ötürücü toxumalar. Prokambi əsas toxumalar arasında bütöv halqa halında formalaşır.

Desmolazalar (yun. «desmos» - əlaqə, «lizis» - ayrılma (dağılma) - hidrolazalardan fərqli olaraq su ilə birləşmədən mürəkkəb maddələri sadəyə ayıran, demək olar ki, desmolizi istehsal edən, parçalayan ferment qrupları. Bu qrupdan olan fermentlər karbon atomları arasında parçalanmaya səbəb olurlar.

Desorbsiya –adsorbsiya və absorbsiya nəticəsində udulmuş maddələrin maye və ya bərk cisimlərdən xaric edilməsi; adsorbsiyanın əks prosesi.

Deşilmiş yarpaq – ayasının alt hissəsi ilə gövdə ətrafına birləşmiş oturaq yarpaq.

Determinantlar – (lat. «determinans» – təyin edici) - qruplaşmada həyat şəraitini təyin edən edifikator bitkilər.

Dezoksiribonuklein turşusu (DNT) (fran. «dez» - inkar ədatı, yun. «oksis» –turşu) - molekulu ikiqat spirala bənzəyən və tərkibinə fosfor turşusu, dezoksiriboza və azotlu əsaslar – adenin, quanin, sitozin və timin daxil olan nuklein turşuları əsasən hüceyrə nüvəsində, xloroplastlarda, mitoxondrilərdə yerləşir.

Dezoksiriboza (frans. «dez» – inkar ədatı, yun. «oksis» – turş + riboza) - monosaxarid DNT nukleotid tərkibinə daxil olan D-2-dezoksiriboza formasında pentozalı şəkər. Nukleotiddə azotlu əsaslarla qlükozid, fosfor turşusunda isə efirli əlaqələrlə bağlıdır.

Dənmeyvə – toxum qabığının meyvə yanlığı pərdəsinin bitişməsi nəticəsində bir meyvə yarpağından əmələ gələn quru birtoxumlu açılmayan meyvə.

Dənə, qranula (lat. «qranulyum» – dənə) - plastiddən olan cisimciklər: adətən dənələr şarşəkilli və 0,03 –2 mikron ölçüsündə olurlar.

Dəri (yun. «epi» – üstündə, «derma» - dəri) - mühafizə funksiyasını daşıyan və qaz mübadiləsində iştirak edən, adətən 1 qat hüceyrədən təşkil olunmuş, ali bitkilərin xarici örtük qatı.

Dərivari yarpaq – həmişəyaşıl bitkilərdə möhkəm və bərk yarpaq.

Dərman bitkiləri – müxtəlif xəstəliklərin müalicəsi və profilaktikasında istifadə olunan geniş bitki qrupu.

Dəstək kök – ağac gövdəsindən çıxan və dayaq vəzifəsini daşıyan odunlaşmış əlavə hava kökləri.

Dəyişən aspekt (lat. «aspektus» – görkəmi, görünüş) - il ərzində bitkinin inkişaf fazasının müvafiq olaraq növbələnməsi ilə dəyişən bitki qrupunun xarici görünüşü.

Dəyişkənlik – 1) eyni növ fərdlərin arasındakı fərqlilik və müxtəlifkeyfiyyətlilik; 2.) biotik qrup və ya sistematik qrupun tarixi inkişaf prosesində əmələ gələn dəyişkənlik. İrsilik və seçimlə bərabər, dəyişkənlik üzvü təkamülün də əsasıdır.

Dırmaşan bitkilər (ispan. «liar» – dolanmaq, sarılmaq) - şaquli vəziyyətdə gövdəsini sərbəst olaraq saxlamaq qabiliyyəti olmayan və başqa bitkilərdən, qayalardan, tikililərdən və s. dayaq kimi istifadə edən bitkilər. Subtropik və tropik meşələr üçün xarakterikdir.

Dırnaqcıq – əsasına doğru daralan sərbəst ləçək, kasa yarpağı və ya sadə çiçəkyanlığı yarpaqlarının hissələri. Dırnaqcıq müxtəlif ölçüdə və formada – uzun, qısa, xətvari, parşəkilli və s. olur.

Diadlar – 1) meyozun hərəkətinin pozulması zamanı tetrada əvəzinə əmələ gələn bir cüt hüceyrə; 2) öz aralarında sentromer ilə bağlı, 2 xromatiddən ibarət olan birinci meyozun anafaza mərhələsindəki xromosom.

Diafototropizm (yun. «dia» – üstündən, arasından + fototropizm) - köndələn fototropizm – yəni düşən şüaların istiqamətində yerləşən perpendikulyar üzvlər (məs.: yarpaq ayası).

Diafraqma (yun. «diafraqma» – arakəsmə) - bir çox bitkilərdə içərisində hava olan boşluğu bölən hüceyrələrdən ibarət arakəsmə; dənli bitkilərdə, çətirlilərdə, qatırquyruqluların gövdəsinin düyünlərində əmələ gəlir; su və bataqlıq bitkilərində arakəsmələr havanı buraxıb suyu saxlamaqla hava kameralarını su ilə dolmaqdan və bununla da orqanı zədələnməkdən mühafizə edir.

Diageotropizm (yun. «dia» - üstündən, arasından + geotropizm) - ağırlıq qüvvəsinin təsiri istiqamətində bitki hissələrinin düzbucaq altında yerləşməsi (məs.: Astragalus officinalis L. kökümsovu).

Diakinez (yun. «dia» - üstündən, «kinezis» - hərəkət) - heterotipik bölünmə profazasının son mərhələsi. Diakinez zamanı xromosomların sayı asanlıqla hesablanır.

Diaqnostik nişanə – ümumilikdə assosiasiyaların diaqnozunu təşkil edən analitik və sintetik əlamətlər.

Diaqramma (yun. «diaqramma» – rəsm) - səthdə çiçək hissələrinin qarşılıqlı yerləşməsinin şərti işarələrlə sxematik təsviri.

Dializ – çiçəyin hissələrinin və normal bitişmiş üzvlərinin bölünməsi.

Diaspor (yun. «diaspora» – səpələnmə) - yeni orqanizm əmələ gətirmə qabiliyyətinə malik olan və orqanizmin yayılma mərhələsində istənilən spor, toxum, meyvə, tumurcuq və ya hər hansı digər bitki hissələrini təmsil edən ümumi ekoloji termin.

Diastaza (yun. «diastazis» – ayrılma) - nişastanı şəkər (maltoza) halına salan fermentlər.

Diastrofa (yun. «dia» - üstündən, arasından, «strofe» - dövriyyə) - mezofil hüceyrələrdə xloroplastın yarpaq səthinə paralel divarlarda yerləşməsi. Onun maksimal udulması məqsədilə yarpaqların işıqlandırılması zamanı dağınıq şüalar müşahidə olunur.

Diatomin (yun. «diatome» - yarılma) - diatom yosunlarda qonur piqment. Ksantofilə yaxın bir neçə qarışıq piqmetdən ibarətdir.

Diatomit – əsasən məhv olunmuş diatom yosunlarının qınından ibarət olan məsaməli, çöküntülü dağ suxurları.

Diatom yosunlar (yun. «diatome» - yarılma) - hüceyrələri xaricdən qın adlandırılan möhkəm silisium – oksid qabığı ilə əhatə olunmuş birhüceyrəli və kolonial yosunlar şöbəsi.

Diatropizm (yun. «dia» – üstündən, arasından + tropizm) - köndələn tropizm. Bitki orqanlarının hərəkəti olub, xarici qüvvələrin təsiri istiqamətinə perpendikulyar vəziyyət almağa çalışırlar.

Dibcik – çox qısaldılmış buğumaraları və şəklini dəyişmiş yarpaqları olan dairəvari və ya konusvari soğanaqlı gövdənin əsası.

Didimospor – mərkəzdə yerləşən bir arakəsməli iki hüceyrəli spor.

Differensiasiya – (lat. «differentiya» – fərqlənmə) - 1) inkişaf prosesində tam bitki qrupunun iki və ya bir neçə hissəyə parçalanması nəticəsində yeni forma, növ və s. əmələ gəlməsi; 2) Floralar arasında fərqlilik; 3) əsasən rüşeym inkişaf dövründə baş verən və onların ixtisaslaşdırılmasına gətirən toxuma və oxşar hüceyrələr arasında əmələ gələn fərqli proseslər; 4) İnkişaf zamanı orqanizmin mürəkkəbləşməsi.

Differensiasiyaetmə – tamın müxtəlif forma və fuksiya hissələrinə bölünməsi (məs.: müxtəlif toxuma hüceyrələrinin oxşar hüceyrə kütləsinin çevrilməsi, onları inkişafları dövründə ixtisaslaşmaya gətirən dəyişkənlik).

Diffuziya (lat. «diffusio» – yayılma, axma) - təsadüfü istilik hərəti nəticəsində bir-birinə toxunan maddələrin atom və ya molekullarının qarşılıqlı nüfuz etməsi hadisəsi.

Diffuziyalı böyümə – saplarının bütün hüceyrələri bölünmə qabiliyyətinə malik olan sapşəkilli yosunların kök-yarpaqlarında təsadüf edilən böyümə.

Diffuziyalı mitseli – göbələklərin sahib bitkinin toxumasına məskunlaşdığı yerdən müəyyən məsafədə inkişaf edən və sutka ərzində 2,5-2,9 mm böyüyə bilən pas göbələklərinin mitselisi.

Dihibridlər – 2 cüt allellə heteroziqot olan fərd.

Dixazii (yun. «dis» – iki, «xasis» - yarıq) - simpodial budaqlanma tipi olub, inkişaf etməmiş təpə tumurcuğunun altında 2 suprotiv yan tumurcuqdan əmələ gəlmiş 2 eyni keyfiyyətli yan zoğlar.

Dixoqamiya (yun. «dixe» – iki hissəyə, «qamos» - nigah). 1) erkək və dişi elementlərinin (protandriya və protoginiya). Bir çiçəkdə eyni vaxtda yetişməməsi. Protandriya bir çox bitkilərdə müşahidə olunur (məs.: Apiceae fəs. nümayəndələrində), prooqaniya isə az rast gəlinir (məs.: Anemone cins növlərində). D. öz-özünə tozlanmaya mane olur; 2) sporlu bitkilərin cinsi orqanlarının eyni vaxtda yetişməməsi.

Dixopodi – hər növbəti cütün bir haçavari budağının güclü inkişafı nəticəsində əmələ gələn ziqzaqvari (əyri-üyrü) zoğ.

Dixotomik budaqlanma (yun. «di» - iki) - bitkilərdə budaqlanmanın bir növü. Bitkinin böyümə nöqtəsi iki yerə bölünərək eyni dərəcədə inkişaf edən budaqlar əmələ gətirir. Bu cür budaqlanmaya yosunlarda, göbələklərdə, mamırlarda, plaunlarda və s. rast gəlinir.

Dixotomik damarlanma – birinci dərəcəli damarların növbəti dərəcəli damarlanmaya eyni cür haçalanması. Qədim damarlanma tipi hesab olunur.

Dixotomiya –hər hansı fərdin və ya orqanizmin bir elementin əsas oxun davamı olmadan iki hissəyə haçavari budaqlanması.

Dikariofit (dikarion + yun. «fiton» – bitki) - plazmoqamiya və karioqamiya arasında yerləşən kisəli və bazidial göbələklərin cüt nüvələrində (dikarionlarında) əlavə mitseli.

Dikarion (yun. «dis» – iki, «karion» - nüvə) - bir hüceyrədə bir cüt haploid nüvələrinin yaxınlaşaraq qovuşmaması (məs.: Ascomycetes və Basidiomycetes sin. nümayəndələrində cinsi prosesdə əmələ gəlir).

Dikduran gövdə – substrata qarşı perpendikulyar və şaquli vəziyyət alan gövdə.

Diklin formalar – 1) cinsi orqanları – oqqoni və anteridi bir qatın müxtəlif budaqlarında inkişaf edən ibtidai bitki növləri; 2) bir fərddə erkək və dişi çiçəkləri olan birevli ali bitkilər.

Diktiosporlar – hüceyrələri kərpic düzülüşünü xatırladan çoxhüceyrəli sporlar; bu sporlarda nəinki köndələn, eyni zamanda uzununa arakəsmələr də vardır.

Diktiosporangi – insistir zoosporların hərəsinin öz dəliyindən çıxdıqdıan sonra qılafı tor halına düşən Dictyuchus cinsi göbələklərinin sporangisi.

Diktiostel (yun. «diktion» – tor + stela) - radial istiqamətdə yarılmış sifonosteləbənzər ox silindrinin quruluş tipi. Sifonostel kütləsində bu yarıqlar özəyinin gövdəsinin xarici hissəsində parenxim və aparıcı toxumaların daha sıx birləşmələrinin zəruriliyi ilə izah olunur.

Dilcik – əsasən Poaceae fəsiləsi növünə əsasən xas olan yarpaq qınının və ayasının sərhəddində yerləşən fır. Dilciyin xarakteri (iti, küt, parçalanmış, oyuq-oyuq və s) əsas diaqnostik əlamətdir.

Dilcikvari tac – borulu qovuşuqləçəkli çiçək tacı olub, dilcik şəklində aralanan bitişən ləçəklərdir.

Dilimli yarpaq – təxminən yarpaq ayasının ortasına qədər bölünmüş yarpaq.

Dilli rizoidlər – canlı hüceyrələrə kapilyarlarla su keçiricisi kimi xidmət edən və ucları açıq olan məhv olmuş marşanskimilərin rizoidləri.

Dimorfizm (yun. «dis» – iki, «morphe» - forma) - erkək və dişi fərdlərin xarici görünüşcə (rəng, olçü, kütlə və s.) fərqli olması.

Dincələn sporangilər – adətən zoosporların qismən uzun sürən sükunət dövründən sonra cücərən və əlverişsiş şəraitdə aktiv hərəkəti və ya assimilyasiyası yatırılan qalındivarlı struktur.

Dincələn sporlar – adətən cinsi proses nəticəsində əmələ gələn, quraqlığa və digər əlverişsiz şəraitlərə davamlı olan qalındivarlı sporlar.

Dincələn tumurcuq – uzun müddət tormozlanma halında olan və zoğ verməyən yan tumurcuqlar.

Dincəlmə dövrü – böyümə prosesinin demək olar ki, tam dayandırılması və maddələr mübadiləsinin intensivliyinin azalması dövrü.

Diplobiont (yun. «diplos» – ikiqat, «bion», «biontos» - yaşayan) - haploid xromosom dəsti daşıyan iki qametin qovuşması nəticəsində əmələ gələn fərdlər. Bu halda yalnız qametlər diploiddirlər, vegetativ çoxalma və ya partenogenez nəticəsində ziqotdan inkişaf etmiş orqanizmlər və sonuncuların bütün nəsli isə ikiqat xromosom dəsti daşıyırlar.

Diploid (yun. «diplos» - ikiqat, «eydos» - növ) – somatik hüceyrələrdə və yetişməmiş cinsiyyət hüceyrəsində xromosom sayı. Somatik hüceyrələrində homoloji xromosomların cüt dəstinə (2n) malik olan fərd.

Diploid faza – orqanizmin həyati tsiklində nüvənin bölünməsi zamanı ikiqat xromosom dəsti olan faza.

Diploid nəsil – bitkilərdə iki nəsildən birində əmələ gələn sporlar –qeyri-cinsi çoxalma üzvləri.

Diploid nüvələr – ikiqat xromosom (2n) dəsti olan nüvə (məs.: Ali bitkilərdə sporofit nüvə).

Diplostemon çiçək (yun. «diplos» – ikiqat, «stemon» - erkəkcik) - iki dairəli erkəkciyi olan çiçəklər, bu halda birinci dairənin erkəkcikləri çiçək tacının elementləri, ikinci dairənin erkəkcikləri isə kasacıqla üzbəüz yerləşmişlər. Ən çox yayılmış çiçək quruluşudur

Diplofaza (yun. «diplos» – ikiqat, «faziz» - göstərilmə) - hüceyrələrində ikiqat (diploid) xromosom sayının olması ilə xarakterizə olunan orqanizmin həyati tsiklinin fazası.

Diplokoklar (yun. «diplos» – ikiqat, + kokki) - cüt birləşmiş şarşəkilli bakteriyalar; diplokoklarda qamçılar olmur və sporlar əmələ gəlmir.

Diplonema – meyozun I metafazasının dördüncü mərhələsi. Konyuqasiya edən xromosomlar bu mərhələdə bir-birinə sarılırlar.

Diplont – (yun. «diplos» – ikiqat) - bax: Diplofaza.

Diplosporiya – (yun. «diplos» – ikiqat + spora) - spordan deyil, ana hüceyrənin sporundan, yəni əvvəlcədən reduksiya olunmamış spordan inkişaf edən qametofit. Yeni sporofit belə diploid qametofitdən partenogenez və ya apoqam yolu ilə inkişaf edir.

Diridoğan bitkilər – bitki orqanlarının üst hissəsində formalaşan, böyük olmayan, yerə düşüb sonradan yetişmiş fərd kimi inkişaf edən yaşıl kiçik bitkilər. Manqrov meşələrində məskunlaşan bir çox iri cücərtilər ağacdan asılmış meyvələrdə inkişaf edirlər. Bu bitkilər əsasən vegetasiya dövrünü tam keçə bilməyən rayonlarda (düzənlik, tundra, yüksək dağlıq) yayılmışlar.

Disaxarid (yun. «dis» – iki, «sakxa» - şəkər, «eydos» - növ (görünüş) – öz aralarında iki monosaxarid molekullarının birləşməsindən əmələ gəlmiş şəkərlər (məs.: saxaroza, maltoza, sellobioza, laktoza).

Disk – sərbəst yaşayan (diskomiset) və ya lixenizə olunmuş göbələklərdə meyvə cisminin sporəmələgətirən hissəsi, əks halda kisə və parafizdən ibarət olan himenial qat.

Diskolixenlər (Diskomiset şibyələr) - şibyələrdə Diskomisetlərə aid olan və apotesiya inkişaf edən göbələk.

Diskomisetlər (Discomycetes) – Ascomycetes sinfi sırasından olan qrup. Meyvə cinsinin böyük bir əksəriyyəti nəlbəkivari, qədəhvari, qıfvari formada olur, quzu göbələklərin meyvə cismi isə papaqdan və ayaqcıqdan ibarətdir.

Dissimilyasiya (lat. «dissimilatio» - bənzəməmə) - maddələr mübadiləsində assimilyasiya prosesinin əksi: zülallar, nuklein turşuları, yağlar və karbohidrotların (o cümlədən qida ilə qəbul edilən) çevrilməsi ilə gedən üzvi birləşmələrin bəsit maddələrə parçalanması. Dissimilyasiyaya daxil olan tənəffüs, qıcqırma və qlikoliz prosesləri maddələr mübadiləsində əsas yer tutur. Dissimilyasiyanın son məhsulu su, karbon qazı və ammonyakdır.

Dissosiasiya – molekul, radikal, ion və ya molekulyar birləşmənin iki və ya bir neçə hissəyə parçalanması.

Distiliya – bir növün və hətta bir fərdin daxilində qısa və uzun sütunlu dişicikli iki çiçək formasının mövcud olması. (məs: Primula cins növlərində).

Distrof hövzələr – olduqca az miqdarda biogen maddələri olan (ona görə də kasad həyatı) su hövzəsi. Belə hövzələrin dibində çoxlu miqdarda bitki qalıqları toplanır.

Distrofiya (dis…+ yun. «trobhe» - qidalanma) - orqan və toxumalarda maddələr mübadiləsinin pozulmasından baş verən xəstəlik halı. Səbəbi: orqanizmə kifayət qədər qida maddələrinin daxil olmaması və onların yaxşı mənisənilməməsidir.

Diş-diş – yarpaq ayasının kənarlarında müxtəlif ölçüdə dişciklərin olması. Xarakterindən asılı olaraq yarpaq ayalarının kənarları oyuq-oyuq, diş-diş və s. olur.

Dişicik (Ginesey) – Yalnız örtülütoxumlu bitkilərə xas quruluş olub, çiçəyin ən vacib hissəsidir və ondan meyvə formalaşır. Dişicik formasına görə içərisində yumurtacıqlar olan qapalı borunu xatırladır. O yumurtalıq, stilodi və onun üzərində yerləşən dişicik ağzından ibarətdir. Bir neçə meyvəyarpağının stilodiləri birləşərək sütuncuq əmələ gətirir. İçərisində yumurtacıqlar olan qapalı yumurtalıq və tozcuğu qəbul edən dişicik ağzı dişiciyin əsas hissələridir.

Dişi çiçək – yalnız dişicikləri olan (erkəkciyi olmayan və ya inkişaf etməyən) çiçəklər.

Dişli yarpaq –kənarları iti dişli və dəyirmi oyuqlu yarpaqlar.

Divarcıq hüceyrələr (lat. «parietalis» – divarcıq) - arxesporun tangental arakəsmə ilə bölünməsi nəticəsində əmələ gələn və fibroz qatlarına və tapetuma başlanğıcı verən xarici (divaryanı) hüceyrə.

Divergensiya ( lat. «divergentia» - ayrılma, aralanma) - təkamül prosesində qohum orqanizmlər arasında əlamətlərin ayrılması. Nəticədə bir növdən yeni növlər və növmüxtəlifliyi əmələ gəlir.

Dizyunksiya (lat. «divergentia» - bölünmə) - arealın bir neçə ayrı-ayrı hissələrə aralanması.

Dizyunkt areal – parçalanmış areal.

Dizyunktorlar – iki zəngirvari konidi bir-birinə bağlayan və ya ayıran hüceyrə və ya hüceyrə qılafının hissəsi; konidilər arasındakı sellüloz əlaqə (məs: Albugo cinsi növlərində).

Doldurucu toxuma – mərciməkləri yumşaq havakeçirən qatlarla doldurulan iri hüceyrəaraları olan dəyirmi, nazikdivarlı, xlorofilsiz hüceyrələr. Mərciməklərin əsasında fellogen əmələ gətirir və qılafın suberinləşməsindən sonra tez məhv olur.

Dominantlar (lat. «dominans» – hakimlik edən) - fitosenozların müxtəlif yaruslarında üstünlük təşkil edən bitki növləri.

Dominant əlamətləri – heteroziqot bitkinin (resessiv əlamətə qarşı) fenotipində özünü göstərən allelomorf əlamətlərdən biri.

Dominant növ – miqdar və ya kütləsinə görə üstünlük təşkil edən qrup növləri.

Donma – ətraf mühitin mənfi temperaturunda maddələr mübadiləsi, orqanoidlərin zədələnməsi və hüceyrə içərisində canlı protoplastları zədələyən buz kristalların əmələ gəlməsi nəticəsində bitkilərin məhv olması. Bitkilərin məhv olmasına səbəb gövdə və budaqlarını şaxta vurması eyni zamanda donmuş torpaqda kök sisteminin dağılması da ola bilər.

Dorsal – onurğalı (məs: yarpaqların alt hissəsi dorsaldır, tumurcuqda – pulcuğun xarici tərəfi və s.)

Dorzoventral quruluş – (lat. «dorsum» – bel, «venter» - qarın) – üst epidermis hüceyrələri alt epidermislə müqayisədə daha iri olan quruluşu.

Dörddövrəli çiçək – (yun. «tetra» – dörd, «kiklos» - dövrə). – tetratsiklik çiçək, yəni elementləri dörd dövrədə yerləşən çiçəklər.

Döşənək – torpaq üzərində yapırıxmış bitki hissələrinin məhv olmuş və tökülmüş qatı. (məs.: yarpaq, meyvə, budaq və s.)

Döşənmiş qat (Tapetum qatı) – Sporların formalaşması zamanı hüceyrələri deformasiyaya uğrayan, tərkibi isə süzülərək periplazmodi əmələ gətirən tozcuq yuvası və sporangilərin divarının daxili qatı.

Dövrəli çiçək – (yun. «kiklos» – dövrə) - bütün hissələri dövrə halında yerləşmiş çiçəklər.

Dövrəsiz çiçək (yun. «a» –inkar ədatı, «kiklos» - dövrə) - burulmuş çiçək, yəni bütün hissələri spiral boyunca yerləşən çiçək (qaymaqçiçəklilər və maqnoliya fəsiləsinin ən primitiv növlərində rast gəlinir).

Druzlar (çex. «druza» – şotka) - bir çox bitkilərin hüceyrələrində oksalat turşusunun bitişmiş kristalları.

Duzadavamlılıq – müxtəlif ionlu torpaq və ya su mühiti şəraitində bitən bitkilər.

Düyün – gövdədən ayrılan yarpağın nisbətən qalınlaşmış hissəsi. Qarşılıqlı və ya eyni yüksəklikdə yerləşmiş yarpaqların düyünlərindən eyni səthdə iki və ya bir neçə yarpaq aralanır. Örtülü düyündə yarpaq əsasının gövdəni bötövlüklə əhatə etməsini (məs: Apiceae fəs.) və açıq düyündə yarpaq əsasının gövdənin az bir hissəsinin əhatə etməsini ayırd edirlər.

Düzən bataqlıqları – adətən duzlarla zəngin olan və qrunt suları ilə təmin olunan bataqlıqlar. Hamar səthə və zəngin bitkiliyə malikdir. Bunlar otlu, mamırlı və ya meşəli bataqlıqlardır. Çayların subasarlarında və terraslarında inkişaf edirlər.

Düz olmayan bölünmə (yun. «mitos» – tel, sap) – bax: Mitoz.

Düz sütuncuq – çiçək oxuna qarşı üfüqi yerləşən sütuncuq (məs.:Gardenia jasminoides Ellis).

 Dizayn Gülnarə Rəfiqindir.